Resurs dövlətlərinin paradoksal inkişaf trayektoriyası müxtəlif epitetlərlə ifadə olunur. Bununla bağlı çeşidli istilahlardan istifadə olunur: “resurs lənəti”, “iblis ifrazatı”, “qeyri-düzgün inkişaf”, afrika qızdrıması”, “holland sindromu”, “paradoksal bolluğu” və s. Dünyada adambaşına düşüən ÜDM həcminə görə lider ölkə olan Qətər də başqa bir maraqlı ifadədən də istifadə olunur: “neftin uşaqları”.
Bu istilah özündən nəyi ehtiva edir? Qətər də bir ailədə hər iki valideyn Qətər ərəbidirsə, bu ailədə dünyaya göz açan uşaqlara “neftin uşaqları” deyilir. İlk olaraq onun adına bankda 3000 ABŞ dollarlıq hesab açılır və neftin satışından davamlı olaraq həmin hesaba vəsaitlər gəlməyə başlayır. Neft qiymətinin dünya bazarında dəyişməsindən, fərqindən asılı olaraq onların hesablarına neft pullarından davamlı olaraq müxtəlif illərdə vəsaitlər gəlməyə davam edir. Həmin uşaqlar ailə quranda, təhsil alanda, işsiz qaldığı müddətdə aldığı müavinət və digər həyat dövrlərində dövlətin davamlı olaraq maliyyə dəstəyi ilə təmin olunur. Artıq “neft uşağı” 18 yaşına çatana qədər onun hesabınada 100 min dollarla, konkret desək 300 min dollardan artıq vəsait olur. Bu model resurs gəlirlərinin cəmiyyət üzvlər arasında birbaşa bölüşdürülməsi modelinə aiddir. Dolayı modellərdə var. Məsələn, Azərbaycanın modeli dolayı modeldir.
Ümumiyyətlə, neftin ölkələrə gətirdiyi birbaşa və dolayı üstünlüklər var. Lakin həmin resursun ölkələrdən aldıqları da az şeylər yoxdur. Uzun müddət həmin hökumətləri tənbəlləşdirərək cəmiyyəti yuxuya verib dinamizmdən saxlayır. Resurs gəlirləri gələndə sağa-sola xərcləməkdən yorulmurlar, həmin resurs kəsiləndə isə “iqtisadi vakuumda” çabalamağa başlayırlar.
Azərbaycanda postneft dövrünə qədəm qoyandan narahatçılıqları daha da artmağa başlayıb. İşğaldan azad olunmuş torpaqların iqtisadi yükü bu çətinlikləri birə beş daha da artırıb. Ötən ilin iqtisadi göstəriciləri bu baxımdan bir çox narahatlıqları ifadə etməmizə səbəb oldu.
Bu yazıda yalnız neft-qaz sektorunu xarakteriza edən iqtisadi göstəriciləri bölüşəcəm ki, ölkəmizin real iqtisadi tablosunu göz önündə canlandıra bilək.
Nəticə-1: ÜDM strukturu: neft-qaz sektorunda 5 mlrd.manatlıq azalma nisbəti
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına [1] görə, 2024-cü ildə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artmışdır. Yəni 2024-cü ildə neft-qaz sektorunda demək olar ki, istehsal artmamışdır.
Müqayisə üçün bildirim ki, Mərkəzi Bankın 2023-cü ili ilə bağlı Hesabat [2] ili ərzində ÜDM real ifadədə 1.1% artmış və həcmi nominal ifadədə 123 mlrd. manata çatmışdır. Qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olmuşdur. Belə ki, dövr ərzində ÜDM-in 63%-i qeyri-neft sektorunun hesabına formalaşmış və qeyri neft-qaz sektorunda 3.7% artım müşahidə olunmuşdur. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyərdə 1.7% azalma baş vermişdir.
Əgər ÜDM-i formalaşdıran sektorlar üzrə təhlil aparanda məlum olur ki, qeyri-neft ÜDM-i dominant sektor olaraq qalmaqdadır. Ötən il (2024) 126,4 mlrd. manatlıq ÜDM-nin 40,7 mlrd. manatı neft-qaz sektorunun, 85,7 mlrd. manatı isə qeyri neft-qaz və payına düşmüşdüsə, 2023-ci ildə isə 123 mlrd. manatlıq ÜDM-nin 45 mlrd. manatı neft-qaz sektorunda, 78 mlrd. manatı isə qeyri-neft-qaz sektorunun payına düşmüşdür.
Statistik müqayisədən çox aydın sürətdə görünür ki, 2024-cü ildə ÜDM-nin həcmi 2023-cü illə müqayisədə 4,1 faiz artmasına baxmayaraq, ötən il üçün neft-qaz sektorunun ÜDM-də xüsusi çəkisi (45,3 mlrd.) təxminən 5 milyard manata yaxın azalmışdır. Hesabata [3] istinadən demək olar ki, neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4741,2 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 11,0 faiz azalmışdır. Bu isə onu deməyə əsas verir ki, 2024-cü ildə neft-qaz sektorunun ÜDM-də xüsusi çəkisi 32 faizə yaxın olmuşdur. Təbii ki, dünyada neft qiymətlərinin yüksək səviyyədə qalmasına baxmayaraq, neft hasilatında azalmalar baş vermişdir. Vaxtı ilə 51 milyon tona yaxın neft hasil edən ölkəmiz ötən il üçün xam neft və təbii qaz hasilatı (qaz kondensatı daxil olmaqla) 29 min ton təşkil etmişdir. Təbii qaz, hasilatı isə 50,6 milyard kub metr səviyyəsində olmuşdur. Ondan əmtəəlik qaz 38, 7 milyard kubmetr olmuşdur. Yekun olaraq demək olar ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,2 faiz artmışdır.
Nəticə-2: Əsas kapitala yönələn investisiyaların həcmi: son 60 ilin ən kritik həddi kimi
İqtisadi nəzəriyyədən məlumdur ki, iqtisadi artımın əsas mənbəyi əsas kapitala yönələn investisiyalardan, xüsusilə birbaşa xarici investisiyaların artmasından asılıdır. Yenə də rəsmi statistikaya [4] görə, əsas kapitala yönəldilmiş investisiyalar 2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,5 mlrd. manat manat və ya 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilmişdir. Yəni neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artmışdır.
Hesabatın nəticələrinə [5] görə, 2024-cü ildə neft-qaz sektoruna 5,7 milyard manatlıq investisiya yönəldilmişdir. Qeyri neft-qaz sektorunun inkişafına isə 15,8 milyard manatlıq investisiya yönəldilmişdir. Toplam olaraq 21,5 milyard manatlıq əsas kapitala yönələn investisiyalar ÜDM-nin 17 faizini təşkil etmişdir. İnkişaf etmiş ölkələrdə bu nisbət ortalama olaraq 30-40 faizdən aşağı olmur. Bu nisbəti öz ölkəmizin son onillikləri üzrə müqayisə etdikdə, məlum olur ki, əldə edilən nəticə son 60 ilin ən aşağı göstəricisidir.
Nəticə-3: “Resursların sorulması effekti” baş verir
Uzun illərdir ki, ölkədə orta aylıq əməkhaqqının əhalinin real gəlirlilik səviyyəsini ifadə etmədiyini söyləyirik. Çünki orta aylıq əməkhaqqını şişirdən neft-qaz və dövlət sektorundakı yüksək əməkhaqqının yüksək olması ilə bağlıdır. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 996,8 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 3717 manat, qeyri neft-qaz sektorunda 947 manat təşkil etmişdir.
2024-cü il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1775,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884,4 min nəfər, qeyri-dövlət sektorunda isə 890,9 min nəfər təşkil etmişdir. DSK-nin Hesabatına [6] görəiqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1743,7 min nəfər çalışmışdır. Demək ÜDM-nin 31 faizini iqtisadiyyatın neft-qaz sektorunda çalışan 31 min nəfər yaradıb. Bu isə “Holland sindromu”nun üç sektor modelindən biri olan “resursların sorulması effekti” olmasına işarədir. Bu modelin mahiyyəti budur ki, ölkədə resursları (əmək, maliyyə, texnologiya) bir sahə – təbii resurs özünə maqnit kimi çəkir, digər sahələrdə məhsuldarlıq azalır. Resurs sektoru digər qeyri-resurs sektorlarının məhsuldar qüvvələrini özünə doğru çəkib gətirir. Bizim iqtisadiyyatda görünən məqamlardan biri də budur. Neft-qaz sektorunda işləyənlərin orta aylıq əməkhaqqısı qeyri-neft sektorunda işləyənlərin əməkhaqqısından düz 4 dəfə azdır.
Belə vəziyyətdə ölkədə orta aylıq əməkhaqqının əhalinin gəlir səviyyəsini ifadə edən göstərici kimi xarakteriza edilməsi doğru deyil. Dünya ölkələrində olduğu kimi bizdə də median əməkhaqqı sosial rifahı və gəlir səviyyəsini ifadə edən indikator olaraq dəyərləndirilməlidir.
Nəticə-4: İxracatda neft və neft məhsulları 22% azalmışdır
2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 51 mlrd. dollar təşkil etmişdir. Bunun 34 mlrd. dollarını ixracımız, 17 mlrd.dollarını isə idxalımız təşkil etmişdir. Müsbət saldo +16.6 milyard ABŞ dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Xarici Ticarətinin Gömrük Statistikası”nın Hesabatına [7] görə, ötən il ölkəmizin xarici ticarət dövriyyəsi 47,6 mlrd. dollar təşkil etmişdir ki, bunun 26,5 mlrd. dolları ixracın, 21,1 dolları isə idxalın payına düşüb. İxracatda özəl sektor qədər də (52%) dövlət sektorunun payı (48%) olmuşdur.
Bu fakt da onu sübut edir ki, ölkədə özəl sektorun xüsusi çəkisi digər makroiqtisadi göstəricilərdə olduğu kimi ixracatda da arzuolunan səviyyədə deyil. Ölkədə ÜDM-nin 81% özəl sektorun, 19% dövlət sektorunun payına düşməsinə baxmayaraq özəl sektor xaricə 1\4 qədər məhsul ixrac etmək gücünə sahibdir.
Xarici ticarət siyasətilə bağlı başqa bir məqam neft və neft məhsullarının ixracatda xüsusi çəkisi ilə bağlıdır. DSK-nin məlumatlarına [8] görə, 2024-cü ildə isə ölkəmizdən xarici ölkələrə 26,5 milyard dollar həcmində məhsul ixrac edilib ki, bunun da 23,2 milyard dolları və ya 87,4%-i neft-qaz sektorunun payına düşüb. Çox aydınlıqla görmək olur ki, 2023-cü illə müqayisədə 2024-cü ildə ixracatımızda xarici ticarət dövriyyəmiz 3,4 mlrd. dollar, ixracatımız da 7,5 milyard dollarlıq azalma baş verib. Bu isə 2023-cü ilə nisbətdə ixracatımızın 22% kiçilməsi deməkdir.
İxracatımızın həcminin azalması neft və neft məhsullarının əsas aparıcı sahə olması və ixracatda dominant paya sahib olması ilə bağlıdır. İxracatda bu sektorun xüsusi ağırlığı hasilat və ona adekvat ixracatımızın azalması toplam ixracımızın azalması ilə nəticələnir. Qeyri-neft ixracı inkişaf etdirilsəydi, o zaman enerji ixracının boşluğunu kampensasiya edə bilərdi. Əgər biz son 10 il ərzində Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payına baxsaq, hər şey aydın olar:
İllər | Ümumi ixracda neft-qaz sektorunun payı (faizlə) |
2015 | 86 % |
2016 | 92,2 %; |
2017 | 88,6 %; |
2018 | 91,2 % |
2019 | 89,86 % |
2020 | 86,5 % |
2021 | 87,8 % |
2022 | 92 % |
2023 | 90,1 % |
2024 | 87,4 % |
Qeyri-neft ixracatında isə demək olar ki, heç bir dəyişiklik baş verməmişdir. Belə ki, ötən il də qeyri-neft ixracatında 0,3%-lik artım olmuşdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın icmala əsasən, [9] Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. Demək, neft ixracatında azalmalar, qeyri-neft ixracatında isə durğunluq həddi ixracatımızın genişlənməsinə tövhə verməmişdir
Bir neçə öncə iqtisadiyyatda resurs dominantlığını obrazlı olaraq belə ifadə etmişdir: ”Iqtisadiyyat adında bağa baxırsan. Bircə dənə bar gətirən meyvəli ağac (qeyri-neft məhsulları) görə bilmirsən. Hamısı üzüaşağı olan söyüd və dimdik göyə baxan küknarlardır. Belə bağ və bağban olar?!”
Nəticə-5: Postneft dövrünə çoxdan hazırlaşmalı idik
Yazının başlığında sual olaraq qoyduğumuz üçüncü hissənin üzərinə gələk. Yəni “neftin uşaqları” ilə yanaşı onun “neftin böyükləri” elə konfiqurasiya quracaqlar ki, sonda “kiçiklər” uduzmağa məhkum olacaqlar. Çünki dünyada bahalı neft dövrünü tarixə qovuşdurmaq üçün qlobal bir trend formalaşıb. Bu neft davasında kiçik olan dövlətlər “nə etməli?” sualı ilə üz-üzə qalacaqlar. O zaman əlahəzrət sual meydana çıxır: bizi nələr gözləyir?
Yaxın gələcək üçün, xüsusilə bu ilin yay aylarından başlayaraq neftin qiymət enişinə Azərbaycan iqtisadiyyatı hazır olmalıdır. Trampın ikinci dəfə prezidentlik dönəmində açıq elan etdi ki, o, neft qiymətlərinin aşağı düşməsi üçün bütün gücü ilə çalışacaq. Tramp İKT sektorunun inkişafını, yaşıl iqtisadiyyatı dəstəkləyir. Özünün də çıxışlarında neftin bahalı dövrünün tarixə qovuşacağı ilə planlarından bəhs edib. ABŞ-ın özü dünyada ən bahalı neft hasilatçısı (gündəlik hasilat 13,4 mln. barel, onun 3,5 milyon bareli ixrac) olmasına baxmayaraq neftin bir qalxan olaraq resurs ölkələrinin əllərindən almaq istəyəcək. Dünyadakı bütün resurs dövlətləri kimi Azərbaycanda təbii resurssuz yaşamaq vərdişinə əvvəl-axır başlamalı və buna öyrənməlidir.
Bu yerdə rasional təsbitləri ilə insanı düşündürən, filosof Bertran Rasselin bir fikri yerinə düşür: “Bütün dünyanı neft qoxusu başına götürüb. Mən isə deyirəm ki, neftsizlik qorxusu isə bizim gələcəyimizi artıq təhlükəyə götürüb. İnsanın qorxusu neftin qoxusuna bağlıdırsa, həmin cəmiyyət bitmişdir deməkdir.”.
Mənbələr:
[1] DSK-nin “Sosial-iqtisadi inkişaf” üzrə 17 yanvar 2025-ci il tarixli Hesabatı, Məruzə № 12
[2] https://uploads.cbar.az/assets/1db1173040cd0364af5d7f0d2.pdf
[3]https://stat.gov.az/news/source/doklad_2024-12.pdf?fbclid=IwY2xjawH6AQhleHRuA2FlbQIxMAABHT0x-wFFIuxBID7mTHLg_KEbP6Gy817iaP6K-7mfSxgEnrpbBo71LgRC-Q_aem_0F178MlX_DmbaJcdIpCwlw
[4]https://stat.gov.az/news/source/doklad_2024-12.pdf?fbclid=IwY2xjawH6AQhleHRuA2FlbQIxMAABHT0x-wFFIuxBID7mTHLg_KEbP6Gy817iaP6K-7mfSxgEnrpbBo71LgRC-Q_aem_0F178MlX_DmbaJcdIpCwlw
[5]https://stat.gov.az/news/source/doklad_2024-12.pdf?fbclid=IwY2xjawH6AQhleHRuA2FlbQIxMAABHT0x-wFFIuxBID7mTHLg_KEbP6Gy817iaP6K-7mfSxgEnrpbBo71LgRC-Q_aem_0F178MlX_DmbaJcdIpCwlw
[6] https://stat.gov.az/news/source/doklad_2024-12.pdf?fbclid=IwY2xjawH6AQhleHRuA2FlbQIxMAABHT0x-wFFIuxBID7mTHLg_KEbP6Gy817iaP6K-7mfSxgEnrpbBo71LgRC-Q_aem_0F178MlX_DmbaJcdIpCwlw
[7] https://customs.gov.az/uploads/foreign/2024/2024_12.pdf?v=1737520142
[8]https://stat.gov.az/news/source/doklad_2024-12.pdf?fbclid=IwY2xjawH6AQhleHRuA2FlbQIxMAABHT0x-wFFIuxBID7mTHLg_KEbP6Gy817iaP6K-7mfSxgEnrpbBo71LgRC-Q_aem_0F178MlX_DmbaJcdIpCwlw
[9]https://ereforms.gov.az/az/media/xeberler/ixrac-icmalinin-yanvar-ayi-ucun-ilkin-reqemleri-aciqlanib-1278
28 yanvar 2025