![Əsas məruzəçi-1](https://iea.az/wp-content/uploads/2024/06/Esas-məruzəci-1-scaled.jpg)
Xəzər Universitetində (13.06.2024) “İqtisadiyyat və Menecment” departamentinin təşkilatçılığı ilə “Monetar siyasət və bank sisteminin tənzimlənməsinin aktual problemləri” mövzusunda elmi-praktik forum keçirildi. Forum monetar siyasətin effektivliyi, bank sisteminin mövcud problemləri və maliyyə bazarlarının cari vəziyyətinin müxtəlif aspektləri üzrə elmi tədqiqat nəticələrinin yayılması, inteqrasiyası, nəticələrin tətbiqi və müxtəlif tədqiqatçıların mövzu ətrafında elmi müzakirəsi məqsədilə təşkil olunmuşdu.
Tədbir “İqtisadiyyat və Biznes” yüksək təhsil fakültəsinin dekanı Prof. Dr. İnqilab Əhmədovun açılış nitqi ilə başladı. Prof. İnqilab Əhmədov ilk öncə əsas məruzəçiləri, ekspertləri, departamentin akademik heyətini və tələbələri salamlayaraq forumda iştiraklarına görə təşəkkür etdi. Ardınca monetar siyasət və bank sisteminə həsr olunan forumun aktuallığına toxunaraq, xüsusilə, bu istiqamətdəki tədqiqatların ictimai müzakirəsinin təşkilini çox zəruri hesab etdi.
Sonra “İqtisadiyyat və Menecment” departamentinin müəllimi Həsən Rəhimlinin moderatorluğu ilə forum davam etdirildi.
Öncə İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı “Azərbaycanda bank sektorunun problemləri və monetar risklər” mövzusunda tədqiqat nəticələrini bölüşdü. Məruzəçinin çıxış istiqamətləri əsasən 4 sütun üzərində qurulmuşdu: Azərbaycanda bank sektorunun təsviri, bank sektorunda mənfəət bölgüsü, bank sektorunda konsolidasiya riskləri və bank sektorunda monetar risklərin təsnifatı.
![İ.Əhmədovla_ 2024-3](https://iea.az/wp-content/uploads/2024/06/I.Ehmədovla_-2024-3.jpg)
![Həsən-2](https://iea.az/wp-content/uploads/2024/06/Həsən-2.jpg)
Monetar siyasət və monetar sistem üzrə ekspert, gənc tədqiatçı Pünhan Musayev “Pul siyasəti və kommunikasiyalılıq” mövzusunda maraqlı və aktual təqdimatı ilə yadda qaldı. Məruzəçi pul siyasəti qurumlarının nə etdiklərindən daha çox onların nə dediklərinin əhəmiyyətli olması fikrini və pul siyasətində effektiv kommunikasiyanın vacibliyini müdafiə edərək mövzuya dair fikirlərini bildirdi.
Forumun ikinci hissəsində monetar və fiskal siyasət üzrə ekspert, iqtisad elmləri doktoru Ağanemət Ağayev “Makromaliyyə dayanıqlığının təmin olunmasında monetar və fiskal siyasətin koordinasiyasının rolu” mövzusunda akademik çıxış etdi. Məruzəçi çıxışın əvvəlində iqtisadi siyasətin ikili təbiəti (pro və kontr-tsiklik) haqqında elmi-fəlsəfi mülahizələrini çatdırdı.
Daha sonra dayanıqlı fiskal siyasət və strateji ahəmgdarlıqla fiskal-monetar tandemə nail olmaq üçün fiskal platformanın perimetri və fiskal hovuzun dərinliyinin əhəmiyyəti barədə arqumentlərlə çıxışına davam etdi. Məruzənin sonunda fiskal siyasətin konstruksiyasının müəyyənləşdirilməsi və effektiv fiskal-monetar siyasət dizaynı yaratmaq üçün qısa, orta və uzunmüddətli dövrdə əsas taktiki və strateji suallar toxunuldu.
Forumun əsas məruzələr hissəsi bitdikdən sonra mövzu istiqamətində sahə ekspertlərinin müxtəlif problemlərə həsr olunmuş qısa müddətli çıxışları oldu. Forumda bank və pul sistemi üzrə mütəxəssis, Bursa Uludağ Universitetinin doktorantı Əlabbas Azadov valyuta siyasətinin mövcud vəziyyəti və perspektivləri barədə çıxış etdi. Daha sonra “İqtisadi Resurslarının Öyrənilməsi” İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyev Azərbaycanda islam maliyyə məhsulları, islam bankçılığı və Mərkəzi Bank tərəfindən qəbul edilmiş 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası haqqında geniş məlumat verdi.
İnteraktiv üsulla keçirilmiş görüşdə məruzəçilər, sahə mütəxəssisləri və müstəqil ekspertlər tələbələrin müxtəlif mövzularla ilə bağl suallarını da cavabladı
![Ruslan m.-5](https://iea.az/wp-content/uploads/2024/06/Ruslan-m.-5-scaled.jpg)
.
![İştirakçılar-4](https://iea.az/wp-content/uploads/2024/06/Istirakcilar-4-e1718967294302.jpg)