Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbəri Taleh Kazımovla ölkədə tanınmış iqtisadçı ekspertlərin növbəti (3-cü) görüşü baş tutdu. Görüş təxminən 10 nəfərlik ekspert heyəti ilə keçirilirdi. Görüşdə (09.04.2024) MB-in sədri ilə yanaşı aparatın əsas şəxsləri də bir qayda olaraq iştirak edirdilər. Verilən suallara və dəqiqləşdirici məqamlara yerindəcə aydınlıq gətirilməsi məqsədilə onlar da MB-i təmsil edirlər. Bu görüşdə 2 nəfər Milli Məclis üzvləri olanlar da iştirak edirdi.
Giriş nitqi ilə çıxış edən ölkənin baş bankirinin verdiyi məlumatdan belə başa anlaşıldı ki, Mərkəzi Bankın rəhbərliyi ABŞ-yə uzunmüddətli səfərə hazırlaşırlar. Görüşdə ABŞ-də yerləşən Dünya Bankı (WB), BVF (IMF) və digər maliyyə qurumları ilə mühüm görüşlər planlaşdırılır.
Müzakirədə hər bir ekspertin daha vacib hesab etdiyi mövzuya toxunuldu. İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı 2 təkliflə çıxış etdi. Hər ikisi ətrafında konsensus yarandığından və hər iki təklifin vaciblik dərəcəsini dəyərləndiridikləri üçün Məmməd Talıblı Mərkəzi Bank rəhbərliyinə təşəkkürünü bildirdi. İqtisadçı Məmməd Talıblının təklif etdiyi məsələlərdən biri tədiyyə balansının detallı təsnifatı istiqamətində ekspertlər qarşısında təqdimatın edilməsi və işçi qrup səviyyəsində müzakirələrin aparılmasının vacibliyi ilə bağlı oldu.
İkinci təklif isə Mərkəzi Bankın qəbul etdiyi “2024-2026-cı illərdə Maliyyə Sektorunun İnkişaf Strategiyası” adlı geniş əhatəli sənədin detallı müzakirəsi ilə bağlı idi.
Faydalı, maraqlı və düşündürücü mövzularda müzakirələr 3 saat çəkdi. Görüşlərin nəticələri ilə bağlı Məmməd Talıblı bildirib: “Biz bu müzakirələrlə həm də ona nail olmaq istəyirik ki, bank resurslarına çıxış vətəndaşlarımız və biznes üçün cəlbedici olmaqla, həm ədalətli, həm də səmərəli ola bilsin. İqtisadiyyat tarixinin dərin təhlilləri göstərir ki, bu iki amil bir arada olanda iqtisadiyyatın çarxı yaxşı fırlanır”.
![](https://iea.az/wp-content/uploads/2024/04/photo1714382878-1-2.jpeg)