ABŞ: dövlət borcunun təşvişi

Dünya iqtisadiyyatında baş verənləri başa düşmədən regional və milli iqtisadiyyatın sərhədlərini müəyyənləşdirmək çətindir. Bu dəqiqə dünyanı iqtisadi gündəliyini silkələyən ABŞ-ın sürətlə artan dövlət borcu mövzusudur. ABŞ-ın dövlət borcları tarixdə heç zaman olmayan bir həddə gəlib çatdı.

Hazırda ABŞ-nin dövlət borcu 40 trilyon dolları keçmişdir. 2026-cı ilin sonuna bu rəqəmin 40,7 trilyon dollar olacağı proqnozlaşdıırlır. Bu isə hər bir amarikanlının adambaşına düşən dövlət borcunun 117 min dollar olması deməkdir. Ötən il ABŞ-ın dövlət büdcəsindən Dövlət Borclarına Xidmət Xərcləri 1.2 trilyon dollar olub ki, bu da toplam borcun 3 faizi deməkdir. Dövlət borclarının 7,8 trilyon dolları xarici dövlətlərdən alınan borclar təşkil edir. Bu sırada liderlik Yaponiyadadır – 1,1 trilyon dollar və ya 12%, Birləşmiş Krallıq 10% və Çin 7% təşkil edir. Bu dövlətlər isə daha əvvəlki qədər ABŞ-a borc verəcəkləri ilə bağlı ciddi tərəddüdləri var. Səbəblər çoxdur, amma ən əsası “ümidsiz borclanma” amilidir. İqtisadi məzmun olan borclanma artıq siyasi məzmun daşımağa başlayıb.

ABŞ-ın dövlət borclanmasının təkcə həcm baxımından deyil, az bir müddət ərzində sürətlə artması ciddi narahatlıqlar doğurmalıdır. Belə ki, ABŞ-ın 2014-ci ildə dövlət borcları 17,5 trilyon dollar idisə, 2020-də 27 trilyon dollar, 2024-cü ildə 36 trilyon və nəhayət 2026-cı ildə 40 trilyon dollar olub. Borclanmanın belə sürətlə artmasının altında yatan səbəblər hansılardır sualı heç şübhəsiz ki, əsas düşündürücü sualdır. İlk növbədə bu borclanma ABŞ-ın militarist davranışları və onunla bağlı artan xərcləridir. ABŞ eyni vaxtda bir neçə cəbhədə müharibə təyinatlı fəaliyyətləri dominantlıq təşkil edir və bunlar küllü miqdarda (trilyonlarla) vəsait deməkdir.

Trampın müharibə tərəfdarı olaraq sərt siyasi ritorikası və üslubu ABŞ-ı “təhdidedici gücdən” “müharibə iştirakçısı” vəziyyətinə gətirib və rəqib dövlətlərlə sərt konfrantasiya həddinə gətirib çıxarıb. ABŞ müharibələrə daha çox vəsaitlərin xərclənməsi xüsusi ağırlıq yaradır. Maraqlıdır ki, ABŞ-ın 40 trilyonluq dövlət borclarının 1 trilyon dolları təkcə 2026-cı ilin 6 ayında yaranıb. Yaxın Şərqdə hərbi əməliyyatlara və ABŞ-İran müharibəsində xərclədiyi böyük vəsaitləri nəzərə alsaq, ABŞ gerçəkdən də rifah dövləti olmaqdan daha çox, militaristyönümlü xərcləri ilə populyarlıq qazanan dövlət halına gəlib.

Borc təhlükəsizliyinin həddi – ABŞ, Çin və Yaponiya

Dövlətin borc yükü və bu borcun təhlükəsizliyi nə dərəcədə təhdid etməsi ölkənin iqtisadi vəziyyətin necəliyini ortaya qoyur. Sadə məntiqlə izah etsək, deyə bilərik ki, gəlirlər xərcləri qarşılaya bilmirsə, borclanma qaçılmaz olur. ABŞ isə təkcə dövlət ehtiyaclarını qarşılamaq üçün borclanmır, daha da güclü olması, qlobal siyasəti müəyyənləşdirməsi ambisiyasına və qlobal siyasi qütbdə dominantlığını möhkəmləndirməsi üçün borclanır. Belə bir siyasi müstəvidə ABŞ 2 labüd haldan birini seçməli idi; ambisioz xərcləmələrini ya yeni yaranmış gəlir qaynaqları hesabına və ya dövlət borclanmaları hesabına maliyyələşdirməli idi. O zaman “hücumçu” statusundan geri çəkilib, “özünüqoruma” xərcləri ilə kifayətlənməlidir və ya indiki kimi dünyaya açılmalı və yayılmalıdır.

Bu borclanma elə sürətlə artır ki, bunun hansı mənbələr hesabına qaytarılması ciddi narahatlıqlar yaradır. Belə ki, 2016-cı ildə 20 trilyonluq borcu olan ABŞ-ın 2026-cı ildə dövlət borcu 40 trilyon dollara çatıb. Son 10 ildə 2 dəfə dövlət borcunun bu həddə və həcmdə böyüməsi bir ölkə üçün çox ağır olan bir maliyyə öhdəliyidir.

Borclanmanı ÜDM-də xüsusi çəki baxımından deyil, həcm baxımından qiymətləndirəndə ABŞ dünyada birinci yerdə qərar tutmuş olur. Dünyada dövlət borclanma siyahısına ABŞ 40,7 trilyon dollar olmaqla liderlik edir. İkinci yerdə Çin gəlir – 22,3 trilyon dollar və daha sonra isə Yaponiya – 8,9 trilyon dollarla gəlir. Əgər ABŞ-ın dövlət borcu 2012-ci ildə ÜDM-nin 104 faizin təşkil edirdisə, hazırda bu rəqəm 125 faizə yüksəlib.

Bir tərəfdən isə ABŞ-ın dövlət borclamalarına təkan verən başqa amili də fəallaşıb. Federal büdcə kəsri həddinin 2026-cı ildə 1,9 trilyon dollar olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-nin 5,9 faiz olacağı anlamına gəlir. Yeri düşmüşkən, BVF-nun kriteriyalarına görə, büdcə kəsri səviyyəsinin ÜDM-nin 3 faizindən yüksək olması özlüyündə riskyaradıcı amil sayır. Bu konteksdə təhlil edəndə görürk ki, ABŞ-ın bu il proqnozlaşdırılan büdcə kəsri həddi beynəlxalq normalardan 2 dəfə çoxdur. Dünya Bankının təsnifatı nöqteyi-nəzərincə bu “kritik borcadüşmə” səviyyəsini ifadə edir.  

Biz problemə borc təhlükəsizliyi nöqteyi-nəzərindən yanaşsaq, vəziyyətin dövlətdən dövlətə dəyişdiyini görə bilərik. Deyək ki, Norveç dövlət borcunun simvolik həddə olması fonunda sabit və dayanıqlı gəlirləri ilə Pensiya Fondunun aktivlərini 2 trilyon dollara çatdıra bilib. ABŞ isə borclanma hesabına beynəlxalq maliyyə bazarlarında daha aktiv oyunçu halına gəlib.

ABŞ-ı təşvişə salacaq 6 səbəb

ABŞ-ın borc strategiyasının motivlərini başa düşmək və uzunmüddətli təsirlərini təhlil etmək üçün ən etibarlı qaynaqlardan biri Zbiqnev Brzenzinskinin “Strateji Baxış: Amerika və qlobal böhran” kitabı hesab oluna bilər. Həmin kitabda müəllif “özünüaldatmaya ar olsun” yarımbaşlığında ABŞ təşvişə sala biləcək 6 mühüm səbəbi sadalayır. Birinci yerdə ABŞ-ın sürətlə artan və iqtisadiyyat üçün ağır yükə çevrilə biləcək dövlət borclarının olmasını qeyd edir. Müəllif kitab da 2010-cu ildə “büdcə və iqtisadiyyatın vəziyyəti” məruzəsində dövlət borcunun ÜDM-nin 60 faizi olduğunu yazır. Hələ həmin ildə – 15 il öncə ABŞ-ın dövlət borcunun 2025-ci ildə ÜDM-nin 115 faizə çatacağı proqnozlaşdıırlmışdı.

Z.Brzenzinski vahimə doğracaq ikinci səbəb kimi isə ABŞ-ın çürümüş maliyyə sisteminin olmasını göstərir. Təbii ki, dövlət borclanması ilə maliyyə sistemi arasında birbaşa əlaqələr var.

Z.Brzenzinski Amerikan güclü tərəflərini təsnifatlaşdırarkən onun passivləri sırasında 5 amili də mühüm hesab edir: (Z. Brzenzinski, “Strateji Baxış: Amerika və qlobal böhran”, Bakı-2016, səh.87) dövlət borcu, getdikcə artan sosial bərabərsizlik, köhnəlmiş infrastruktur, ictimai cahillik və siyasi tıxac. 

Borclanmanın təbiətində iqtisadi artımı tətikləmək var. ABŞ-ın borclanması onun ÜDM-i həcm baxımından rəqibləri ilə müqayisədə irəli aparmır. Əhalisi ABŞ-dan 4 dəfə çox olan Çin də borclanır. Amma bu borclanma hesabına iqtisadi artım sürətlənir. ABŞ-dan az borclanan Çin növbəti 3-4 ildə ABŞ iqtisadiyyatını həcm baxımından (dünya ÜDM – 25%+) üstələyəcək. 

Bu baxımdan Çinin “dincliklə yüksələn” xəttinin qarşısında Tramp ABŞ-nın aqressivliklə genişlənmə siyasi xətti daban-dabana ziddiyyət təşkil edir. Son illərdə Çin iqtisadiyyatı yüksək artım göstərdi və bunun nəticəsində, Çin beynəlxalq bazarlarda daha çox borc almağa başladı. Borc təhlükəsizliyi artdıqca, daha aşağı faizlə borc ala bildi. Borclanmanı effektiv idarəetmə də o zaman mümkün olur ki, o bir ölkənin iqtisadi təhlükəsizliyini təhdid etmir. Çünki dövlətlərin borc idarəetməsi iqtisadiyyata dayanıqlılıq gətirir. Borcun kritik həddi keçməsi isə dayanıqsızlıq üçün çox zaman əsas olur.

31 avqust 2026

Məmməd Talıblı
İqtisadi Təhlil İnstitunun rəhbəri

Şərh yaz